Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında bu gün üçüncü turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi tur çərçivəsində Almaniya ilə üz-üzə gəlib.
Birinci lövhədə mübarizə aparan Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yenib. Teymur Rəcəbov Aleksandr Demçenko ilə, Rauf Məmmədov Vinsent Keymerlə, Nicat Abbasov Mattias Blübaumla "sülh bağlayıb". Beləliklə, komandamız görüşü 2,5;1,5 hesablı üstünlüklə tamamlayaraq çempionatdakı qələbə seriyasını davam etdirib.
Qadınlardan ibarət yığmamız isə Gürcüstan kollektivi ilə qarşılaşıb.
Komanda üzvlərindən Günay Məmmədzadə Nana Caqnidzeyə, Gülnar Məmmədova isə Lela Cavaxişviliyə uduzub. Ülviyyə Fətəliyeva Meri Arabidze ilə, Gövhər Beydullayeva Salome Melia ilə heç-heçə edib. Nəticədə, millimiz yarışda ilk dəfə məğlubiyyətlə üzləşib - 1:3.
Avropa çempionatı, III tur
Kişilər
Azərbaycan - Almaniya 2,5:1,5
Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu 1:0
Teymur Rəcəbov - Aleksandr Donçenko 0,5:0,5
Rauf Məmmədov - Vinsent Keymer 0,5:0,5
Nicat Abbasov - Mattias Blübaum 0,5:0,5
Qadınlar
Azərbaycan - Gürcüstan 1:3
Günay Məmmədzadə - Nana Caqnidze 0:1
Gülnar Məmmədova - Lela Cavaxişvili 0:1
Ülviyyə Fətəliyeva - Meri Arabidze 0,5:0,5
Gövhər Beydullayeva - Salome Melia 0,5:0,5
Xatırladaq ki, kişilərdən ibarət komandamız ilk iki turda müvafiq olaraq İtaliya və Serbiyanı 4:0, 3:1 hesabları ilə məğlub edib. Qadınlar isə Türkiyə və Serbiyanı tam üstünlüklə (4:0) yenib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.