Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında beşinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, dörd turdan sonra 7 xalla yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət Azərbaycan millisi yalnız əlavə göstəricilərə görə üstələdiyi Rusiya kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmada tərəflərin hamısı heç-heçəyə razılaşıb. Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla, Teymur Rəcəbov Daniil Dubovla, Rauf Məmmədov Kiril Alekseyenko ilə, Qədir Hüseynov isə Andrey Yesipenko ilə "sülh bağlayıb".
Qadın seçməmiz isə Ukrayna ilə münasibətləri aydınlaşdırıb.
Komandamızın üzvlərindən Günay Məmmədzadə ilk, Xanım Balacayeva üçüncü lövhədə uyğun olaraq Anna Uşenina və Nataliya Buksanı yeniblər. Əvəzində Gülnar Məmmədova - Yuliya Osmak və Gövhər Beydullayeva - Nataliya Jukova duellərində rəqib şahmatçılar üstün olub. Beləliklə, bu görüşdə də qalib müəyyənləşməyib.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız əvvəlki turlarda İtaliya, Serbiya və Almaniyadan üstün olub, Macarıstanla heç-heçə edib. Qadınlar isə Türkiyə, İsveç və Almaniyanı yenib, Gürcüstana uduzub.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya 2:2
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk 0,5:0,5
Teymur Rəcəbov - Daniil Dubov 0,5:0,5
Rauf Məmmədov - Kirill Alekseyenko 0,5:0,5
Qədir Hüseynov - Andrey Yesipenko 0,5:0,5
Qadınlar
Azərbaycan - Ukrayna 2:2
Günay Məmmədzadə - Anna Uşenina 1:0
Gülnar Məmmədova - Yuliya Osmak 0:1
Xanım Balacayeva - Nataliya Buksa 1:0
Gövhər Beydullayeva - Nataliya Jukova 0:1