Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, hazırkı çempion Maqnus Karlsen (Norveç) və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında ikinci görüş baş tutub.
Karlsenin ağ fiqurlarla oynadığı partiyada tərəflər ilk qarşılaşmada olduğu kimi, heç-heçəyə razılaşıblar. "Sülh" 58-ci gedişdə qeydə alınıb.
Şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. O, daha sonra 4 dəfə titulunu qoruyub.