Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yeniyetmələr arasında rapid üzrə onlayn dünya çempionatının superfinalında uğurla çıxış edərək turnirin qalibi olub.
Bu ilin noyabrında Sloveniyanın Çatej şəhərində təşkil olunan komandalarası Avropa çempionatında millimizin heyətində bürünc medal qazanan 18 yaşlı şahmatçı öz yaş qrupunda keçirilən yarışda 10 turdan 8 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bu yaş qrupundakı digər təmsilçimiz Mələk İsmayıl 5,5 xalla üçüncü olub.
Daha bir şahmatçımız Xəzər Babazadə (16 yaş, oğlanlar) isə 6 xalla üçüncü yerə sahib çıxıb.
Yarış 10, 12, 14, 16 və 18 yaş qrupunda dairəvi sistem üzrə keçirilib. Hər yaş qrupunda altı şahmatçı mübarizə aparıb. Onlardan üçü Dünya Kubokundan, ikisi Qran-Pri seriyasından, biri isə FIDE reytinqinə görə ən yaxşı oyunçu kimi iştirak edib.
Turnirin ümumi mükafat fondu 30 min avro təşkil edib.
Uğuru ilə bağlı Fanat.Az-a danışan Beydullayeva bu nəticənin 26-30 dekabrda Polşanın paytaxtı Varşavada keçiriləcək rapid və blits üzrə dünya çempionatı öncəsi ona stimul verdiyini bildirib:
"İlin sonu ilə bağlı qarşıma qoyduğum ilk hədəfə çatdım, növbədə rapid və blits üzrə qadınlar arasında dünya çempionatıdır. Sabah artıq Varşavaya yola düşürəm. Qələbə oradakı yarışqabağı mənim üçün həm yaxşı hazırlıq, həm də stimul oldu. Bu, sürətli şahmatda qadınlar arasında ilk mundialım olsa da, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Hədəfim Polşa paytaxtında ilk on-iyirmi şahmatçı arasına düşməkdir".
Sahib Əsədbəyli