Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək.
Qrupun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Keymerlə münasibətləri aydınlaşdıracaq.
Məmmədyarov ilk turda Keymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. IV turda Keymeri yenən şahmatçımız hazırda 2,5 xala sahibdir və Domingeslə ilk iki pilləni bölüşdürür. Keymerin 2, Dubovun 1 xalı var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-Pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-Prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.