Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında bu gün V turun qarşılaşmaları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Eltac Səfərli tur çərçivəsində ermənistanlı Şant Sarkisyanla üz-üzə gələcək. 29 yaşlı qrossmeysterimiz bu partiyada qara fiqurlarla mübarizə aparacaq.
Qədir Hüseynov İrji Stoçekin (Çexiya), Misrətdin İsgəndərov Liviu-Diter Nisipyanunun (Almaniya), Aydın Süleymanlı isə tanınmış Ukrayna şahmatçısı Ruslan Ponomaryovun müqavimətini qırmağa çalışacaq. Qədir və Misrətdin ağ, Aydın qara fiqurlarla oynayacaq.
Reytinq liderlərimizdən Nicat Abasov Boris Markoya ilə (Sloveniya), Vasif Durarbəyli Tor Fredrik Kaasenlə (Norveç) münasibətləri aydınlaşdıracaq.
Son Azərbaycan çempionu Məhəmməd Muradlı isə almaniyalı Julian Krameri sınağa çəkəcək.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:15-də start götürəcək.
Hazırda Azərbaycan şahmatçıları arasında ən yaxşı göstəriciyə Eltac Səfərli sahibdir. O, 3,5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli, Qədir Hüseynov və Aydın Süleymanlı hərəyə 3 xal toplayıblar. Məhəmməd Muradlı, Nicat Abasov, Vasif Durarbəyli və Vüqar Əsədlinin hesabında isə 2,5 xal var.
Sıralamaya 4 xalla islandiyalı Qudmundur Kyartansson başçılıq edir.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
V tur
Şant Sarkisyan (Ermənistan) - Eltac Səfərli
Qədir Hüseynov - İrji Stoçek (Çexiya)
Misrətdin İsgəndərov - Liviu-Diter Nisipyanu (Almaniya)
Ruslan Ponomaryov (Ukrayna) - Aydın Süleymanlı
Abdulla Qədimbəyli - Vladimir Baklan (Ukrayna)
Nicat Abasov - Boris Markoya (Sloveniya)
Vasif Durarbəyli - Tor Fredrik Kaasen (Norveç)
Yakub Kosakovski (Polşa) - Vüqar Əsədli
Məhəmməd Muradlı - Julian Kramer (Almaniya)
Gövhər Beydullayeva - Əhməd Əhmədzadə
Tomas Bauer (Avstriya) - Murad İbrahimli
Şahin Vəliyev - Draqoş Seres (Rumıniya)
Riad Səmədov - Nadya Şpanko (Ukrayna)
Toğrul Həsənzadə - Vladislav Qarski (Ukrayna)