Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Şəhriyar Məmmədyarov 2 759 xalla 1 pillə geriləyərək 11-ci sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.
Qədir Hüseynov (2 668) 6 pilləlik sıçrayışla 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2 656) isə 86-cı sıraya enib.
Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlki kimi siyahıya başçılıq edir. Xallarını 2 806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2 804) qabaqlayaraq 2-ci pilləyə qalxıb.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2 454) 26-cıdır. Gülnar Məmmədova (2 387) 60-cı, Gövhər Beydullayeva (2 384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2 376) 73-ci pilləyə geriləyib.