Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.
Beləliklə, təmsilçimiz turniri 3,5 xalla tamamlayıb. Sonuncu turun digər qarşılaşmaları davam edir.
Şəhriyar I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.
Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Daniel-Boqdan Dyak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.