Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda dördüncü turun oyunları keçirilib. Maksimum göstərici ilə turnir cədvəlinə başçılıq edən Gövhər Beydullayeva hesabat turunda ikinci pillədəki Ülviyyə Fətəliyeva ilə üz-üzə gəlib. Qarşılaşma "sülh"lə yekunlaşıb.
Yarışın reytinq favoriti Gülnar Məmmədova Ləman Hacıyeva ilə xalı yarı bölüb. Xəyalə Abdulla Türkan Məmmədyarovanı, Ayan Allahverdiyeva isə Xanım Balacayevanı yenib.
Bu nəticələrdən sonra Beydullayeva 3,5 xalla liderliyini davam etdirir. Fətəliyeva 3 xalla ikincidir. 2,5 xalı olan Xəyalə Abdulla isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.