Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Sharjah Masters" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - doqquzuncu turunda Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı qara fiqurlarla misirli Ahmed Adlini, Günay Məmmədzadə "ağlar"la serbiyalı Velimir İviçi yenib.
Misrətdin İsgəndərov Jil Mussarla (Fransa), Məhəmməd Muradlı turnirin reytinq lideri Vladimir Fedosevlə (FIDE) heç-heçə edib.
Digər şahmatçımız Nicat Abbasov isə Hindistan təmsilçisi Dommarcu Qukeşə uduzub.
Beləliklə, xalını 5-ə çatdıran Misrətdin yarışı 19-cu sırada başa vurub. Eyni sayda xal hasil edən Nicat əlavə göstəricilərə görə 32-ci, Aydın 36-cı olub. 4,5 xal toplayan Məhəmməd 41-ci, 4 xala malik Günay isə 59-cu yeri tutub.
Qalib 7 xalla özbəkistanlı Nodirbek Abdusattorov olub.
Qeyd edək ki, turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edib.