Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, Məmmədyarov I turda yerli şahmatçı Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Məmmədyarov burada rəqibinə qalib gəlib.
Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Klassik partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstünlük qazanan tərəf 1.5, məğlub olan 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
I tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aryan Tari (Norveç) 0,5:0,5, 1:0
Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Aniş Giri (Niderland) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5, 1:0
Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye Laqrav (Fransa) 1:0
Maqnus Karlsen (Norveç) - Van Xao (Çin) 0,5:0,5, 1:0.