Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, Məmmədyarov VI turda qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen ilə üz-üzə gəlib. Matç 56-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Rəcəbov isə ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. Görüşün əsas partiyası heç-heçə yekunlaşdığından, reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Burada rəqib üstün olub.
Hazırda 8,5 xalı olan Şəhriyar turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Dörd xala malik Teymur doqquzuncu yerdədir. Sıralamaya 12,5 xalla Karlsen başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
VI tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5
Uesli So (ABŞ) - Aryan Tari (Norveç) 0,5:0,5, 1:0
Van Hao (Çin) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5, 0:1
Aniş Giri (Niderland) - Vişvanatan Anand (Hindistan)