Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster X turda qara fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Rəcəbov turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində "sülh bağlayıb".
Beləliklə, xalını 4,5-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
X tur
Yan Nepomnyaşi (FIDE) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Dinq Liren (Çin) 0:1
Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ) 1:0
Hikaru Nakamura (ABŞ) - Alireza Firuzca (Fransa) 1:0