Hazırkı dünya çempionu Maqnus Karlsen İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə şahmat tacı uğrunda qarşılaşmadan imtina edib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı norveçli qrossmeyster bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, məsələ ilə bağlı öz komandasını, Beynəlxalq Şahmat Federasiyasını (FIDE) və Nepomnyaşini məlumatlandırdığını deyib.
Qeyd edək ki, 2013-cü ildən şahmat tacını özündə saxlayan Karlsen sonuncu dəfə məhz Nepomnyaşini məğlub edərək titulunu qorumuşdu. O, qərarını dəyişməsə, Nepomnyaşi şahmat tacı uğrunda İddiaçılar Turnirini 2-ci pillədə başa vuran çinli Dinq Lirenlə üz-üzə gələcək.