Azərbaycanın qadınlardan ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib
Fanat.Az xəbər verir ki, 11 xalla turnir cədvəlinin ikinci pilləsində yer alan yığma VII turda lider Hindistanla münasibətləri aydınlaşdırıb. Millinin heyətində Günay Məmmədzadə birinci lövhədə yarışın ən reytinqli qadın iştirakçısı Hampi Konerunu yensə də, digər şahmatçılarımız uğurun ardını gətirə bilməyib. Gövhər Beydullayeva üçüncü, Ülviyyə Fətəliyeva dördüncü lövhədə rəqiblərinə uduzub, Xanım Balacayeva isə heç-heçə edib. Beləliklə, seçməmiz Olimpiadada ilk məğlubiyyətlə üzləşib - 1,5:2,5.
Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1, VI turda isə Qazaxıstanı 3:1 hesabı ilə üstələyib. Milli V turda Ukrayna ilə heç-heçə edib - 2:2
Ümumdünya Şahmat Olimpiadası
Qadınlar
VII tur
Azərbaycan - Hindistan 1,5:2,5
Günay Məmmədzadə - Hampi Koneru 1:0
Xanım Balacayeva - Harika Dronovali 0,5:0,5
Gövhər Beydullayeva - R.Vaişali 0:1
Ülviyyə Fətəliyeva - Tanya Sadçev 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.