Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.
Fanat.Az xəbər verir ki, Olimpiadada ölkənin bütün şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak edir.
Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparır.
İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyır. Avqustun 31-də başa çatacaq yarışda ilk üç yeri tutacaq şahmatçılara diplom və medallar təqdim olunacaq.
Olimpiadanın baş hakimi Qüdrət İsmayılovdur.
Qeyd edək ki, yarış Azərbaycanda iştirakçı sayına görə ən kütləvi şahmat turniri hesab olunur.