Çexiyanın paytaxtı Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bir günlük fasilədən sonra yarışda VII turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə AÇ-nin ən reytinqli iştirakçısı Nana Caqnidze (Gürcüstan) ilə üz-üzə gəlib. Ağ fiqurlarlarla oynayan 22 yaşlı şahmatçımız 44-cü gedişdə təcrübəli rəqibini təslim edib.
Ülviyyə Fətəliyeva "ağlar"la ermənistanlı Lilit Mkrtçyanla, Gülnar Məmmədova "qaralar"la ukraynalı Olqa Babiy ilə "sülh"ə razılaşıb.
Digər təmsilçilərimizdən Xanım Balacayeva Beloslava Krastevanı (Bolqarıstan) Gövhər Beydullayeva Alisiya Sliviçkanı (Polşa) yenib. Səbinə İbrahimova isə Diana Lomayaya (Gürcüstan) uduzub.
Qələbə sayəsində xalını 6-ya çatdıran Günay Məmmədzadə polşalı Monika Soçkono ələvə göstəricilərə görə qabaqlayaraq turnir cədvəlində liderliyə yüksəlib. Hərəyə 5 xal toplayan Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva, müvafiq olaraq, 5 və 8-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.