Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un 4-cü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə turnirdə bu gün daha üç turun oyunları ilə rapid görüşlərinə yekun vurulacaq. 37 yaşlı qrossmeysterimiz VII turda Cefri Şonq (ABŞ) ilə üz-üzə gələcək.
Ardınca o, qaralarla Fabiano Karuanaya (ABŞ), IX turda isə "ağlar"la Leynyer Dominqesə (ABŞ) qarşı oynayacaq.
Əvvəlki altı görüşdən üçündə heç-heçə edib, digərlərində məğlub olan təcrübəli şahmatçımız hazırda 3 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. Lider 8 xal toplayan Firuzcadır.
İştirakçılar avqustun növbəti iki gündə isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, yarışın mükafat fondu 175 000 ABŞ dollarıdır.