Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat üzrə qadınlar arasında Avropa çempionatında bu gün 10-cu turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə bu turda ermənistanlı Elina Danielyanla üz-üzə gəlib. Təcrübəli rəqibinə qarşı qara fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 48-ci gedişində heç-heçəyə razılaşıb.
Gülnar Məmmədova lider Monika Soçko (Polşa) ilə, Ülviyyə Fətəliyeva İnna Qaponenko (Ukrayna) ilə, Gövhər Beydullayeva Sofi Mile (Fransa) ilə "sülh bağlayıb".
Ləman Hacıyeva Joka Qaalı (Macarıstan), Səbinə İbrahimova Martina Folkovanı (Çexiya) yenib.
Xanım Balacayeva isə İrina Bulmaqayla (Rumıniya) görüşdə məğlubiyyətlə üzləşib.
Beləliklə, xalını 7,5-ə çatdıran Günay Məmmədzadə son tur öncəsi Monika Soçkodan 0,5 xal geri qalmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Hərəyə 7 xalı olan Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova, müvafiq olaraq, 5 və 8-ci sıradadırlar. Gövhər Beydullayevanın 6,5, Xanım Balacayeva ilə Ləman Hacıyevanın 6, Səbinə İbrahimovanın 5 xalı var.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır.