Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Günay Məmmədzadə yarışın sonuncu - XI turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.
Ülviyyə Fətəliyeva isə son turda "ağlar"la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlubiyyətə uğradıb.
Beləliklə, hər iki şahmatçı xalını 8-ə çatdırıb. Ələvə göstəricilərə görə Günay ikinci, Ülviyyə üçüncü yeri tutub.
Digər təmsilçilərimizə gəldikdə, Gövhər Beydullayeva AÇ-nin ən reytinqli iştirakçısı Nana Caqnidze (Gürcüstan) ilə, Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə "sülh bağlayıb". Xanım Balacayeva Alisya Sliviçkanı (Polşa), Səbinə İbrahimova isə Mixalina Rudzinskanı (Polşa) yenib.
Yekunda Gülnar Məmmədova 7 xalla 15-ci, eyni xal toplayan Gövhər Beydullayeva ilə Xanım Balacayeva, müvafiq olaraq, 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü, Səbinə İbrahimova 6 xalla 52-ci yeri tutub.
Ümumilikdə 123 iti zəka sahibinin qatıldığı yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.
Qeyd edək ki, qadın şahmatçıların fərdi Avropa çempionatında bunadək heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasına düşə bilməmişdi.