İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qızların yarışında son tur ərəfəsi çempion məlum olub.
Azərbaycan Şahmat Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 10-cu turda qızların yarışında Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Yaroçka ilə heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8,5-ə çatdıran və şəxsi görüşlərdə üstün olduğu ən yaxın izləyicisi Assel Serikbayı (Qazaxıstan) bir xal qabaqlayan Beydullayeva mundialda qızıl medalı təmin edib. Gövhər bununla 20 yaşlı qızlar arasında dünya çempionu olan ilk şahmatçı kimi Azərbaycan tarixinə düşüb.
Oğlanlardan Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.