13:33 23.09.2020 236

"Stemford Bric"də "Qarabağ" qışqıran yeganə ingilis

Tanışlıq cəhdi

Bir neçə il qabaq İngiltərədə Mançester şəhərində yaşayırdım və konsaltinq şirkətində layihələrin idarə olunması sahəsində işləyirdim. Şirkətdə işə başlayandan üç-dörd ay sonra bir məsələ ilə əlaqədar həmkarım Poul Raştondan elektron sənəd almalı idim. Onu şəxsən tanımırdım: yollarımız kəsişməmişdi, aramızda salam-əleyk yox idi, hal-əhval tutmamışdıq. Sadəcə bilirdim ki, belə bir adam var. Şirkətin daxili sistemlərində bir neçə dəfə şəkli qarşıma çıxmışdı. Tipik ingilislərə oxşayırdı. 50-55 yaşlarında idi. Solğun bənizi, bozumtul saçları, sivri burnu, mavi gözləri vardı. Şəklinə baxdıqca soyuq şimal küləyi adamın üzünə vururdu, canını üşüdürdü və fikir götürürdü ki, görən Poul Raşton da şimal insanı kimi soyuqdur?

Şirkətə təzə gələn vaxt Mançesterdə yaşadığımı öyrənən başqa şəhərlərdəki iş yoldaşlarımdan bəziləri həvəslə soruşmuşdu: "Poul Raşton ilə tanışsanmı?" O, əlli kilometr uzaqlıqdakı Liverpul şəhərində yaşayırdı və yəqin ki, buna görə maraq edirdilər. Təkrar-təkrar dilə gətirilən bu sualların çoxluğuna təəccüblənirdim. Onlara "yox" cavabı verə-verə hiss eləyirdim ki, Poul Raşton mənim xəyalımda mistikləşir, mötəbərləşir, nüfuzlu birisinə çevrilir. Odur ki, ilk fürsətdə onunla tanış olmağa və söhbətləşməyə can atırdım.

Bu səbəbdən, Poul Raştondan nəsə xahiş edəcəyimi eşidəndə xeyli sevindim. İntizarında olduğum vədə yetişmişdi. Tanışlıq üçün bəhanə artıq vardı.

Zəng üçün telefonun düyməsini basmazdan öncə nə deyəcəyimi ölçüb-biçdim. Qısa bir nitq qurdum, bir neçə dəfə təkrar edib əzbərlədim. Hazır olduğumu hiss eləyəndə zəng etdim. Adət etdiyimiz o siqnal səsi gəldi, gəldi, çağırdı, çağırdı, amma telefonu açan olmadı. Düşündüm ki, "yəqin iclasdadır". Səsli mesaj göndərdim. Ardınca bir dənə də ədəb-ərkanlı məktub yazdım ki, müraciətimin məğzini daha geniş ifadə edim. Sonra telefonu masada gözə görünən yerə qoyub, tez-tez yoxladım ki, birdən zəng gələr, xəbərim olmaz. Beləcə, günün sonuna qədər gözlədim, gözlədim, amma cavab gəlmədi. Fikirləşdim ki, eybi yox, sabahısı gün mütləq, hökmən əlaqə saxlayacaq...

Üç gün ötdü - üç gün günəş doğdu, batdı, səmanı buludlar aldı, yağış yağdı, amma kişidən xəbər gəlmədi. Yenə nikbinliyimi pozmadım: "Yəqin başı qarışıqdır, məşğuldur. Alicənab ingilisdir, şübhəsiz, yazacaq". Bir-birinin ardınca səsli mesaj, məktub və üstəlik, bir dənə də SMS-i yola salıb ötürdüm və yenə həyəcanla gözlədim. Ancaq dəyişən bir şey olmadı.

Bir neçə gün keçmiş sonuncu uğursuz cəhddən sonra ümidim qırıldı. Dalınca deyinməyə başladım. Adam necə diqqətsiz və vecsiz olmalıdır ki, bu qədər müraciəti cavabsız buraxsın? Məzuniyyətdə, ya da icazəli olması mümkün deyil, çünki bu vaxt elektron poçt proqramında avtomatik funksiyadan istifadə edərdi. Həmin şəxsə məktub gələn kimi dərhal şablon cavab gedərdi ki, "ay qardaş, ay bacı, məzuniyyətdəyəm, xəstəyəm, rayondayam, dağdayam, yoxam, başqasına yaz, başqasına zəng elə". Poul Raştondan isə sıfır reaksiya! Odur ki, hökm verdim: görür, oxuyur, amma yazmır.

Məşhur həmkarımın etinasızlığına heyifslənib, sənəd üçün başqalarına müraciət etdim və onu asanlıqla aldım. Beləliklə, hesab etdim ki, çox güman, tez-tez dilə gətirilən "Poul Raşton ilə tanışsanmı?" sualının arxasında əslində, başqa mətləblər var... Və yəqin ki, diqqətsizlik edib fərqinə varmasam belə, bu suallar örtülü bir istehza ilə soruşulubmuş.

Aylar sonra izdihamlı iclaslarda və tədbirlərdə Poul Raştonu uzaqdan bir-iki dəfə görməyə nail oldum, amma qətiyyən tanış olmaq niyyətim yox idi. Layihələrdə də üz-üzə gəlmirdik: o, dövlət sektorunda işləyirdi, mən isə özəl. Fərqli bölmələrdə idik. Odur ki, "Poul Raşton" mövzusunun mənim üçün qapandığını zənn edirdim.

Böyük Britaniya referendum edib, Avropa Birliyindən çıxmağa qərar verincə isə hadisələr fərqli cərəyan etməyə başladı.

"Breksit" layihəsi

Referendumdan sonra dövlət sektorundakı layihələrin sayı anidən artmağa başladı. Dövlət qurumları "Breksit"ə necə hazırlaşacaqları və müvafiq işləri necə həyata keçirəcəkləri barədə konsaltinq şirkətlərindən məsləhət və dəstək almağa ehtiyac duydular. Mən də bankda layihəmi bitirib, yeni işə təyinatımı gözləyəndə xəbər gəldi ki, dövlət sektorunda bir layihəyə göndərilirəm. Özü də birillik. Soruşdum ki, nədir, nə işdir, kimin rəhbərliyi altında işləyəcəyəm? Dedilər ki, Poul Raştonun. Xəbəri eşidər-eşitməz, yumşaq desəm, kefim pozuldu.

Layihə Londonda idi. Şirkətimizdən xeyli adam müştəriyə dəstək vermək üçün müxtəlif sahələrə cəlb olunmuşdu. Bazar ertəsi səhər tezdən qatarla Londona gəldim. Kollektivlə tanış oldum, qısaca söhbətləşdik. Əvvəlcədən demişdilər ki, Poul Raşton ilə saat 10-da görüşəcəyəm. Onun da layihədə ilk günü olacaqdı. Həmkarlarla söhbət etdikcə bir gözüm saatda, o biri gözüm isə ətrafda idi. Poulun handan-hana peyda olacağını gözləyirdim. Saat 10 oldu, 11 oldu, sonra nəhayət, 12 oldu, nahar vaxtı gəldi və camaat yerindən qalxıb, dəhlizə tələsdi, amma bu kişi ortalıqda görünmədi ki, görünmədi. Elə bu dəm bir nəfər yaxınlaşıb   bildirdi ki, Poul keçmiş layihəsi üzrə son işlərini tamamlamaqla məşğuldur və Londona gələ bilməyib. Özü mənə zəng edəcəkmiş. Cümə axşamı Liverpulda görüşmək üçün danışacaqmış. Xəbər gətirənə minnətdarlıq etdim və məyus halda fikirləşdim ki, bu adam yəqin öz işlərini də doğru-düzgün, vaxtlı-vaxtında düzüb-qoşa bilmir. Bununla necə yola gedəcəyəm?!

Növbəti gün nəhayət, Poul Raştondan zəng gəldi. Qısaca danışdıq. Görüşün vaxtını, yerini razılaşdırdıq. Üzrxahlıq etdi, dedi ki, başı qarışıqdır və yarım qalan işlərini bitirməyə çalışır.

Cümə axşamı Liverpuldakı ofisimizə gəldim. Gün içərisində mürəkkəb layihəmizdəki vəziyyəti qiymətləndirib, atılacaq addımları müəyyənləşdirməli və bütün layihə heyətinin fəaliyyətini istiqamətləndirməli olan təfərrüatlı plan hazırlamalı idik. Fikir mübadiləsi və müzakirələrlə keçən görüşümüz doğrusu, pis alınmadı. Poul Raşton arxayın, səbrli, astadan danışan və düşüncəli insan təsiri bağışlayırdı. Mən hətta düşündüm ki, bəlkə də, onun problemi məhz astagəlliyindədir.

Bundan əlavə, Poulun məlumatlılığına da şübhəm yaranmışdı və düşünürdüm ki, işin ləng getməsi də bununla bağlıdır. Layihədəki bir çox məsələ mənim üçün təzə idi, müvafiq nəzəri metodlara bələd deyildim və keçmişdə uyğun təcrübəm də yox idi. Müzakirələr zamanı məsləhət almaq üçün Poula bir neçə dəfə "Filan şeyi necə etmək olar?" deyə suallar vermişdim. O isə çox düşünmədən - sanki bir qədər tənbəlliklə - "Sən necə fikirləşirən?" və ya "Sən necə edərdin?" deyə mənə əks-suallar ünvanlamışdı. Mən zatən cavabı bilsəydim, ona bu sualları verərdimmi? Birtəhər məntiq yürüdərək özüm öz suallarıma cavab verməli olmuş, birlikdə müzakirə edərək həll yollarını tapıb ortaq məxrəcə gəlmişdik. Bu ləng irəliləyən proses zamanı fikirləşmişdim ki, görən, bu adam özü bir şey bilirmi, ya hər şeyi mən özüm həll etməli olacağam?..

Beləliklə, ilk görüşümüzdən məndə qarışıq təəssüratlar yarandı. Bir tərəfdən Poul Raştonun fərz etdiyim qədər qərəzli şəxs olmadığı qənaətinə gəldim, digər tərəfdən də düşündüm ki, ola bilər, yaşından və ya xasiyyətindən dolayı, bir az ləng, ağır hərəkət edəndir. Həm də mümkündür ki, bizim işlədiyimiz sahəyə aid nəzəriyyələrdən ya o qədər də agah deyil və ya agahdır, sadəcə, unutqanlığı var.
 

Yazının müəllifi: Səməd Səfərov

Axşam qatarla Mançesterə qayıdanda yadıma düşdü ki, çox vacib bir məsələni Poul Raştondan soruşmağı unutmuşam. Bir həftə sonra çərşənbə axşamı "Qarabağ" futbol klubu Londonda Çempionlar Liqası yarışında "Çelsi" ilə ilk matça çıxırdı. Mən mütləq bu oyuna getmək istəyirdim, amma Londonda layihə işləri ilə məşğul olduğumuz bina stadionundan xeyli uzaqda yerləşirdi.

Səhərisi gün Poula zəng elədim və məsələni anlatdım:

- ... Poul, bu, bizim komanda üçün böyük oyun olacaq. Amma stadiona getmək üçün gərək ofisdən bir saat tez çıxım.

- Əminəm ki, əla oyun olacaq. Problem yoxdur.

- Çox sağ ol - təşəkkür edərək sevindim.

- Mən də gələ bilərəm?

Duruxdum. Fikirləşdim ki, zarafat edir. Amma zarafat edirmiş kimi bir halı yox idi. Nəzakət xətrinə dedim:

- Əlbəttə, niyə də olmasın.

- Çox sağ ol. Bileti haradan alacaqsan?

Məsələ aydın idi. Zarafat etmirdi. Poul Raşton matça gəlmək istəyirdi. Bileti həmin gün dostumun alacağını dedim. O, xahiş etdi ki, bir bilet də onun üçün alaq və pulu stadionda görüşəndə verər.

Vidalaşdıqdan sonra bir müddət fikrə daldım. Futbola bir neçə azərbaycanlı dostumla gedəcəkdim və doğrusu, həmkarımın bizimlə gəlməsi problem deyildi. Yəqin futbolla sıx maraqlanan biridir deyə, fikirləşdim.

Futbol matçı

Bazar ertəsi yenə Londonda görüşdük və axşam işdən sonra birlikdə restorana getdik. Poul mənə Azərbaycan, Qarabağ, bizim iqtisadiyyat, mədəniyyət, mətbəx, coğrafiya və başqa şeylər haqqında müxtəlif suallar verdi. Özü xeyli xarici ölkədə olmuşdu və Britaniya adalarının hüdudlarından uzaqlar onu maraqlandırırdı. Ona Qarabağ münaqişəsi haqqında danışarkən özümün də işğal edilmiş Ağdam şəhərindən olduğumu və 90-cı illərin əvvəllərindəki ağır vəziyyətdən bəhs etdim. Həmçinin, Ağdamın "ruhlar şəhəri" adlandırıldığını, bütün binaların və evlərin yerlə-yeksan edildiyini söyləyib, bu xarabalıqların bəzi foto-şəkillərini telefonumda göstərdim. Onu da qeyd elədim ki, "Qarabağ" klubu Ağdamı təmsil edir və "köçkün" komanda kimi öz ev oyunlarını Bakı şəhərində keçirir. Beləcə, bu və başqa mövzularda gec saatlara qədər uzun-uzadı söhbətləşdik.

Sabahısı gün ikimiz də işdən tez çıxdıq və stadiona yollandıq. Biletləri alıb gətirən dostumla görüşdük. Fikirləşdim ki, mərifət göstərsəm yaxşı olar, biletin pulunu Pouldan almayım, hədiyyə olduğunu söyləyim. Mənim bu məsələdə israr etdiyimi gördükdə qətiyyətlə etiraz etdi və zarafatla dedi:

- Elə eləmə ki, sabah hamının qabağında deyim ki, tapşırıqları çox pis yerinə yetirirsən.

Biz güldük və o, biletin pulunu ödədi.

Stadionda "Qarabağ" klubunun azarkeşləri üçün ayrılmış köşədəki kiçik tribunaya yollandıq. Orada Pouldan savayı əcnəbi azarkeş gözə dəymirdi, yəqin ki, yeganə ingilis o idi. Yaxud ağ bənizi və mavi gözləri onu hamının içində fərqləndirirdi. Bizə gözünün qırağı ilə baxıb, Poulun kim olduğunu maraq edənlər də vardı. Dost-tanışlar azərbaycanca soruşurdular:

- Bu kimdir?

- Müdirim.

- Burda da rahat buraxmır? - deyə atmaca atırdılar.

Londonda məşhur "Stemford Bric" stadionunda "Çelsi"yə qarşı oynamaq böyük təcrübə idi. Amma tale elə gətirdi ki, səviyyə fərqi və ilk oyunun təşvişi özünü tezliklə büruzə verdi və "Qarabağ" qapısında qollar görməyə başladı. Hər qoldan sonra Poulun yanında bir az utanan kimi olurdum, amma o da razılaşdı ki, azı 600 milyon dollarlıq futbolçulara sahib olan "Çelsi"yə qarşı 11 milyon dollarlıq oyunçuları olan "Qarabağ"ın diş göstərməsi gerçək olmazdı.

Oyun zamanı darıxmasın deyə ona futbolçular haqqında məlumat verirdim və o da diqqətlə qulaq asırdı. Bakıdakı dostlarımdan biri arada "Whatsapp"da mesaj yazdı:

- Oyuna getmisənmi?

- Hə, ingilislə.

- Səttar da Londondadır?

- Yox, doğrudan da ingilislə gəlmişəm.

Dostum "Qarabağ" futbol klubunun uzun müddət müdafiəçisi olan "İngilis" ləqəbli və hamı tərəfindən də məhz "İngilis" deyə çağırılan Səttar Əliyevdən danışırdı. Səttar anadan olanda adını "İngilis" qoymaq istəyiblər, Qeydiyyat İdarəsində icazə verməyiblər. Deyiblər ki, vəsiqədə ad yerinə "Səttar" yazaq, amma siz özünüz ona "İngilis" deyin. Bu hadisəni Poula danışdım. Xoşuna gəldi.

Oyunun 60-cı dəqiqəsindən sonra hesab 0:3 idi. Əksər azarkeşlərimiz artıq məyus halda lal-dinməz oturmuşdu. Mən və bir neçə azarkeş qapımıza vurulan qollara baxmayaraq, "Qarabağ!", "Qarabağ!" deyə qışqırır, komandaya ürək-dirək verməyə çalışırdıq. Onsuz da, bu mənzərəyə öyrəncəli idim. Bakıda da qapımıza bir-iki qol vurulan kimi əksəriyyət kiriyib sakit otururdu. 80-ci dəqiqə gələn kimi isə stadionu tərk etməyə başlayırdılar.

Londonda 71-ci dəqiqədə 4-cü qol vuruldu. 76-cı dəqiqədə 5-ci qol gəldi, 82-də isə 6-cı qol. Bizim tribuna yas evi kimi kədərli və səssiz idi. Tribunada ancaq mənim və bir neçə digər şəxsin dəstək sədaları eşidilirdi. Poul da sakitcə oyuna baxır, ara-sıra "Come on, guys" ("haydı, uşaqlar") deyə yavaşcadan səslənirdi.

Matçın "Çelsi"nin xeyrinə 6:0 hesabı ilə bitməsinin möhürünü qoyan hakimin son fiti eşidilər-eşidilməz tribunadakı həmvətənlərimizin çoxu dərhal ayağa qalxıb, çıxışa doğru istiqamət aldılar. Stadionu bacardıqca tez tərk etmək istəyirdilər. Mən və digər sadiq azarkeşlər isə ayaqüstə əl çalır və ucadan "Qarabağ!" deyə təkrar-təkrar çağırırdıq. Klubumuzun Çempionlar Liqasına gəlməsi və "Çelsi" kimi komanda ilə oynamasının özü əlamətdar, tarixi bir hadisə idi və ilk oyunda böyük hesabla məğlub olmalarına rəğmən oyunçularımızı hökmən alqışlamaq lazım idi.

Tribunanı tərk edən həmvətənlərimizi gördükcə həvəsdən düşmür, əksinə, bir az daha yüksəkdən bağırmağa çalışırdıq. Hətta artıq səsimiz də batmağa başlamışdı.

Poul da ayaqüstə idi və yavaş-yavaş alqışlayırdı. Sonra birdən nəsə oldu. Poulun içində bir vulkanmı püskürdü, burulğanmı qopdu, deyə bilmərəm. Amma əlli yaşlarındakı ağır davranışlı, sakit və dinməz görünən bu soyuqqanlı ingilisin sanki köksü açıldı. Səsinin qalın yerinə salıb, eynən mənim kimi yüksəkdən, dayanmadan və ard-arda "Karabaq!", "Karabaq!" deyə bağırmağa başladı. Bu səs o qədər qətiyyətli idi ki, deyirdin, Poul məqsədli qışqırır, nəyəsə etiraz edir, nəyisə dilə gətirir. Sanki o da bizim kimi məyusluq qarışıq qürur hissi duyur, o da ürək yanğısı ilə futbolçularımızı başlarını dik tutmağa və həvəsdən düşməməyə çağırırdı. Bəlkə də, dünənki söhbətlərimizdən sonra onun da könlündə bir Qarabağ sevdası, Qarabağ təəssübkeşliyi yaranmışdı...

Baş verənlərə həm təəccüblənmiş, həm də sevinmişdim. Könlümü yüngülcə qürur hissi sarmışdı.

Çevrəmizdəki həmvətənlər dönüb mat-məəttəl bizə baxdılar və yəqin ki, "Axı, bu ingilis kimdir, nəçidir, nə işi var burada" kimi suallar onları rahat buraxmırdı. Onun coşqu ilə komandamızı səsləməsini müşahidə edən və üzü çıxışa doğru olan insanlardan bəziləri ayaq saxladı, sanki "lənət şeytana" deyib, geri döndülər və vəcdə gəlib, bizim kimi gurultulu sədalarla komandamızı dəstəkləməyə başladılar. Təsirli mənzərə idi və tamaşa etmək belə xoş idi. Get-gedə yüksələn səsimizi eşidən "Qarabağ" klubunun futbolçuları tribunamıza yaxınlaşdılar və bizləri alqışladılar.

Axşam otelə qayıdanda Poul minnətdarlığını bildirdi. Mən də ona komandamızı dəstəklədiyinə görə təşəkkür etdim.

Tanışlıq

Səhərisi gün bütün layihə heyəti oyunla bağlı bizim təəssüratlarımızı eşitmək istəyirdilər. Saat 9-da izdihamlı iclas vardı. İlk mövzu bizim matç idi. Pouldan oyunun necə olduğunu soruşdular və o, ciddi görkəm alıb dedi: "40 ildir futbol seyr etmək üçün stadiona gedirəm, amma birinci dəfədir ki, tribunada sərxoş olmayan azarkeşlər gördüm. Hamısı da səliqəli geyinib gəlmişdilər. Biri də artıq-əskik hərəkət etmədi". Bununla o, yerli azarkeşlərin oyundan qabaq mütləq paba gedib, pivə içmək mədəniyyətlərinə zarafatla eyham vururdu.

Layihəmizin altı fərqli istiqaməti vardı və hər gün "altı" rəqəmi tez-tez təkrar edilirdi. İclası idarə edən Poul işgüzar mövzuya keçməzdən öncə üzünü iştirakçılara tutub, çox vacib məsələyə istinadən məlumat verirmiş kimi dedi:

- Təklif edirəm ki, bu gün fəaliyyət istiqamətlərinin hamı üçün bəlli olan sayını qeyd etməkdən çəkinək.

Poul bu yumorlu atmacanı elə ciddiyyətlə demişdi ki, söhbətin nədən getdiyini yalnız masa başındakıların səmimi təbəssümlərini görəndə anlamışdım. Poul "Qarabağ"a vurulan altı qola işarə edirdi. Nəticədə onun həm də böyük yumor hissinə sahib olduğunu öyrənmiş oldum.

Sonrakı günlər artıq Poul ilə münasibətlərimiz istiləşdi. Londonda olarkən hər axşam onunla şam edir və söhbətləşirdik. Mövzular tez-tez Azərbaycan və Yaxın Şərq, bu bölgənin tarixi, mədəniyyəti və insanları olurdu. Poul bəzi başqa əcnəbilər kimi mənim danışdıqlarıma nəzakət xətrinə qulaq vermir, böyük maraqla dinləyir və təfərrüatlı suallar verirdi. Bu mütəmadi səmimiyyətini müşahidə etdikdən sonra tezliklə onun haqqında olan ilk təəssüratlarımın nə qədər səhv olduğu qənaətinə gəldim.

Bir dəfə gənc həmkarlarımdan biri Poulun çox yaxşı bildiyi bir mövzu haqqında ona sual verdi: "Bu məsələni necə həll edə bilərik?" O da cavabında soruşdu: "Sən bunu necə həll edə bilərdin?" Poul ilə bu mövzunu bir gün öncə müzakirə etmişdik, özü də, kağız-qələmlə, qeydlər apara-apara, odur ki, o, doğru cavabı bilirdi, əlbəttə, bilirdi. Onda mən əmin oldum ki, əslində, Poul bütün cavabları bilir və əks-sual verməklə sadəcə, gənc həmkarlarının məntiq yürüdərək doğru cavaba özlərinin gəlməsini istəyir. Bu üsulla gəncləri daha çox fikirləşməyə və müstəqil şəkildə həll yolları axtarmağa təhrik edirdi. Bununla o, həm də bir "kouç", "mentor" kimi davranırdı.

Poul ilə birlikdə işlədiyimiz o layihə mənim üçün ən yaddaqalanlardan oldu. Aramızdakı böyük yaş fərqinə baxmayaraq, Poul ilə möhkəm dostlaşdıq. Artıq Mançester, Liverpulda, ya da o çevrələrdə işə yeni başlayan bir işçi ilə rastlaşdıqda "Poul Raşton ilə tanışsanmı?" sualını özüm verməyə başlamışdım.

Şirkətdən ilyarım öncə ayrılmağıma baxmayaraq, Poul ilə tez-tez yazışırıq. Bu il pensiyaya çıxmaq istəyir və ardınca, pandemiya imkan verərsə, dünya ölkələrini səyahət etməyi planlaşdırır. Görmək istədiyi ölkələr arasında Azərbaycan da var və qismət olsa, onunla "Qarabağ"ın Bakıda matçına da getməyi niyyət edirik. Heç olmasa, bu dəfə "Qarabağ"ın qol vurmasına canlı şahid olar.

... Poul ilə axşamlar restorana gedəndə həmişə yağsız yeməklər sifariş edirdi. Ürəyinə görə həkim belə tələb etmişdi. Bir dəfə infarkt olubmuş. Bu hadisənin nə vaxt baş verdiyini soruşanda "Təxminən iki il öncə" demişdi. Onda xatırlamışdım ki, həmin tarix mənim Poulu telefon və məktublarla israrla axtardığım o dövrlə üst-üstə düşürmüş.

Səməd SƏFƏROV,
"525-ci qəzet"
Oxşar xəbərlər

Xəbər lenti

21 Oktyabr 2020
18:40

"Mançester Yunayted"in müdafiəçisi səfərə niyə aparılmayıb?

17:46

Polşalı məşqçi: "Azərbaycanla oyunda özümüzü döyüşdəki kimi hiss edəcəyik"

17:24

Son tur rəqəmlərin gözü ilə

17:01

SOCAR Gürcüstanda idman sarayı inşa etdirir - FOTOLAR

16:41

Erməni generalı Qarabağdan qaçırdılar: Reanimasiyaya yerləşdirdilər

16:26

Daha 3 Ermənistan PUA-sı məhv edildi

16:23

Elxan Məmmədov: "Bizim işimiz çətinləşib"

16:21

Azərbaycan klubu avrokubok matçını Serbiyada keçirəcək

16:06

"Qarabağ" Təl-Əvivdədir

15:47

Messidən yeni rekord

15:29

“Oyunun gedişində atışma başlayırdı, çəkilib kənarda gözləyirdik” – Tərlan Əhmədov

15:07

Azərbaycanda yoluxma sayı 700-ü keçdi: 7 nəfər vəfat etdi

14:58

Çendler: "Həbibi necə yenməyin reseptini bilirəm"

14:54

Mecnun Otyakmaz: "Sivasspor"un gücü "Qarabağ" və "Makkabi" ilə eynidi"

14:42

Düşmənin döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - FOTO/VİDEO

14:29

Arsen Venger "Mançester Yunayted"dən təklif alıb - ÖZÜ DEDİ

14:14

İlqar Rəhimov Yaponiyanın səfiri ilə görüşdü

14:04

"Simurq"un sabiq çalışdırıcısının yeni iş yeri açıqlandı

13:56

Rıza Çalımbay: "Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq"

13:44

Türk futbolçudan rekord: 3 onillikdə ÇL-də...

13:23

Əmir Ağayev: "Qarabağ" "Makkabi"ni məğlub edə bilər"

13:09

Ermənistanın növbəti PUA-sı məhv edilib

12:51

Uayt Həbibin arzuladığı döyüşü reallaşdıracaqmı? - ÖZÜ DEDİ

12:48

Niderland millisinin sabiq üzvü Azərbaycandan imtina etdi

12:46

Millimizin oyununun vaxtı açıqlandı

12:22

"Yenə bizi Azərbaycandan kənara atdılar" - Qurban Qurbanov

12:02

Azərbaycan Qran-prisinin tarixi bilindi

11:45

Ermənistanın daha 4 zabiti məhv edildi - Biri hərbi hissə komandiridir

11:32

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

11:29

Həbib Qetjidən sonra döyüşmək istədiyi rəqibin adını açıqladı

11:25

İşğaldan azad olunan daha bir kəndin görüntüləri - VİDEO

11:14

Avropa çempionatı ləğv etdi

11:07

Veynaldum: "Bu, axmaqlıqdan başqa bir şey deyildi"

11:02

“Qarabağ”ın təxirə salınan oyunu gələn il keçiriləcək

10:55

Ordumuzdan düşmənə daha bir zərbə: Sıradan çıxarıldı - RƏSMİ

10:52

"Qarabağ" "Makkabi" önünə 2 itki ilə çıxacaq

10:50

Qarabağda döyüşən məşhur erməni məhv edildi - FOTO

10:46

Ordumuz düşməni belə məhv edir - VİDEO

10:32

"Barselona" 4 futbolçusu ilə müqaviləni uzatdı - FOTOLAR

10:31

Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb

10:14

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı

09:51

"Qarabağ" Avropa Liqasında ev oyunlarını keçirmək istədiyi ölkəni açıqladı

09:34

Tərtər rayonu atəşə tutulur

09:18

Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib

09:00

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib

20 Oktyabr 2020
17:47

Suares 54 dəqiqədənbir "partlayır"

17:29

Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"

17:06

Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

16:50

"Keşlə"nin legionerindən Ordumuza dəstək

16:35

Millimizin üzvü toplanışa qatıla bilmədi

16:14

Ermənilər Tərtərə raket atdı: 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53

İlham Əliyev Xocavəndin işğaldan azad edilən kəndinə yeni ad verdi

15:42

"Borussiya" "Real"ın arzusunu gözündə qoydu

15:31

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

15:19

Zəngilan şəhəri işğaldan azad edildi

15:00

"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşü kənardan izləyəcək

14:41

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

14:36

İlham Əliyev xalqa müraciət edəcək

14:31

"Qarabağ"ın oyunu neytral meydanda keçirilə bilər" - AFFA-dan açıqlama

14:25

Kapitan: "Vircilsiz qələbə qazanmağı öyrənməliyik"

14:17

AFFA 4 klubu cərimələdi

14:04

Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır

13:46

Mbappe PSJ-nin çağırışını cavabsız qoydu - SON DURUM

13:37

Avropa Liqası: "Qarabağ" ən yaxşılar sırasında

13:23

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

13:05

Ordumuzun qələbələrində əməyi olan hərbi qulluqçuları tanıyaq - FOTOLAR

12:51

Kumanın etirafı: "Barselona" əsas favorit deyil"

12:40

"Çelsi" Lempardı italiyalı çalışdırıcı ilə əvəzləyir

12:24

"Makkabi" - "Qarabağ" oyununa hakim təyinatı

12:10

"Barselona"nın ulduzu maaşının azaldılmasına razılaşdı

Facebookdan bizi izləməyi unutmayın.