Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Mingəçevirdə təşkil olunacaq yarışda 70-ə yaxın idmançı iştirak edəcək.
“Gənclər kuboku”nun keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdı. Saat 13.00-da start götürəcək yarışdan öncə federasiyanın baş katibi Fərhad Əliyev jurnalistlərin suallarını cavablandırıb. Baş katib əsas məqsədin perspektli gənclərin üzə çıxarmaq olduğunu bildirməklə yanaşı, yığmanın baş məşqçisi məsələsinə də toxundu:
“Hələ ki, yığmanın baş məşqçisi məsələsi açıq qalır. Bu gün keçirilən yarışda əsas məqsəd bu idman növü ilə məşğul olan gəncləri bir daha gözdən keçirmək, gələcək potensialı üzə çıxarmaqdı. Baş məşqçi seçiminə gəlincə, bu məsələ ətrafında müzakirələr aparılacaq, yerli mütəxəssislərin fikirləri dinləniləcək. Bu il iki beynəlxalq yarış keçirilməsi planlaşdırılıb. Təqvimə uyğun olaraq, onlardan biri aprelə, digəri isə oktyabra təsadüf edəcək. Arada əlavə turnir keçiriləsi olsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
Fərhad bəy yığmaya legioner dəvət olunub-olunmaması haqda da danışdı:
“Qarşıda bizi Parisdə keçiriləcək yay Olimpiya oyunları gözləyir. Heç şübhəsiz ki, qısa vaxtda Olimpiada da nəticə qazana biləcək yerli idmançı yetişdirmək çətin məsələdi. Ancaq buna baxmayaraq, federasiya rəhbərliyi daha yerli idmançıların inkişafında maraqlıdı. Lakin legioner idmançının dəvət olunması da istisna olunmur. Bu məsələdə qarşıdakı aylarda müzakirə olunacaq”.
Pandemiyadan əvvəl Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində digər ölkələrin akademik avarçəkmə və kanoe yığma komandalarının hazırlıq prosesi təşkil olunurdu. Ölkəmizdə digər ölkələrin yığma komandalarının hazırlıq prosesi bu ildən bərpa olunacaq. Bunu da jurnalistlərə açıqlamasında Fərhad bəy bildirdi:
“Fevralda pandemiyadan əvvəl olduğu kimi Rusiyanın milli komandaları “Kür” Olimpiya Tədris Mərkəzində hazırlıq keçəcəklər. Artıq bu barədə qarşı tərəflə razılaşma əldə olunub”.