Tokio 2020-də taekvondo yarışında ölkəmizi təmsil edəcək iki idmançıdan biri olan Fəridə Əzizova Fanat.az-ın suallarını cavablandırıb. Dünya və Avropa mükafatçımız Olimpiadaya son hazırlıq prosesi, Tokiodakı hədəfi və Oyunlardan sonrakı planları barədə danışıb.
- Zədəmlə bağlı iki həftədən çoxdur məşq edə bilmirəm. Sol bud əzələmdə yırtıq əmələ gəlib. Bir müddətdir həkimlər bununla bağlı müalicə-bərpa proqramı məsləhət görüblər. Növbəti həftənin birinci günündən hazırlıqlara davam etməyi düşünürəm.
- Avropa Təsnifat turnirinədək də yaxşı hazırlıq keçə bilməmişdiniz. Sonuncu şans ardınca Sofiyaya yola düşəndə özünüzə inamınız hansı səviyyədə idi?
- Pandemiyaya görə, bir il hazırlığımız demək olar tam dayanmışdı. Hazırlıqlara start verəndə ayağımdan ciddi zədələr aldım. Ancaq təcrübəmə inanırdım. Artıq uzun illərdir əsas yığmadayam. Zədələr və stress həyatımızın ayrılmaz hissəsinə çevrilib. Odur ki, zədələri əsas gətirib özümü sığortalamaq fikrindən uzağam.
- Rio-2016-dan sonra qeyd etmişdiniz ki, bürünc görüşünə könülsüz, məğlubiyyətlə barışmış şəkildə çıxmışdınız. Belə başa düşülür ki, Tokioda istənilən medal sizin üçün qızıl bərabərindədir...
- Riodakı səhvimə görə hələ də özümü bağışlaya bilmirəm. Beş il ərzində ümumiyyətlə orada buraxdığım bütün boşluqlar barədə düşünüb, bir-bir təhlil aparmışam. Artıq medal qazanmaq vaxtıdır. Düşünürəm, Olimpiadada hər şey yaxşı olmalıdır.
- Ölkə taekvondosu tarixində üç Olimpiadaya qatılan yeganə idmançı olacaqsınız. Rekordunuzu yeniləmək arzunuz var? Nəticənizdən asılı olmayaraq, Tokiodan sonra davam, ya tamam?
- Hələ tezdir. Bir neçə il də davam etmək arzusundayam.
Sahib Əsədbəyli