Tokio 2020 Yay Paralimpiya Oyunlarının taekvondo yarışındakı son təmsilçimiz Əbülfəz Abuzərli mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı ikinci təsəlliverici görüşdə cənubi koreyalı rəqibinə 32:46 hesabı ilə uduzaraq bürünc medal şansını itirib.
Beləliklə, Azərbaycan taekvondoçuları Paralimpiadanı medalsız başa vurub.
***10:29
Taekvondoçumuz Əbülfəz Abuzərli ilk təsəlliverici görüşünü qələbə ilə başa vurub.
Fanat.Az xəbər verir ki, o, ukraynalı Anton Şvetsi 60:36 hesabı ilə üstələyərək növbəti təsəlliverici mərhələyə vəsiqə qazanıb.
Millimizin üzvü ikinci görüşünü Bakı vaxtı ilə 14:15-də Cənubi Koreya təmsilçisinə qarşı keçirəcək. Abuzərli qarşılaşmanı qələbə ilə başa vursa, bürünc medal uğrunda həlledici döyüşdə iştirak hüququna yiyələnəcək.
***09:00
Tokio 2020 Yay Paralimpiya Oyunlarının taekvondo yarışında son təmsilçimiz Əbülfəz Abuzərli dayanq üzərinə çıxıb.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimizin 75 kiloqram çəki dərəcəsindəki üzvü mübarizəyə 1/8 finaldan başlayıb.
30 yaşlı taekvondoçumuz ilk mərhələdə filippinli Allen Qanapinlə qarşılaşmalı olsa da, rəqib görüşə çıxmayıb. 1/4 finalda meksikalı Xuan Dieqo Qarsiya Lopeslə üz-üzə gələn Abuzərli 5:38 hesabı ilə uduzub.
İdmançımız mübarizəni bürünc medal uğrunda davam etdirəcək. O, bunun üçün ilk olaraq ukraynalı Anton Şvetsin müqavimətini qırmalıdır.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-nin taekvondo yarışlarına 4 lisenziya qazanıb. Qadınların 49 kiloqram çəki dərəcəsində çıxış edən Röyalə Fətəliyeva və kişilərin 61 kiloqram çəki dərəcəsindəki təmsilçimiz İmaməddin Xəlilov Paralimpiadanı medalsız başa vurub. Qadınların +58 kiloqram çəki dərəcəsində Oyunlara vəsiqə qazanan Aynur Məmmədova isə koronavirusa yoluxması səbəbindən sentyabrın 4-də baş tutacaq mübarizədə iştirak edə bilməyəcək.
Sahib Əsədbəyli