Azərbaycan taekvondoçusu Radik İsayev Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan Avropa çempionatının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 87 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionu mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələn 33 yaşlı idmançı ardınca Türkiyə taekvondoçusu Emre Ateşli ilə üz-üzə gəlib. Rəqibinə minimal fərqlə (7:8) uduzan İsayev qitə çempionatını bürünc medalla başa vurub.
74 kq-da yarışan Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroomu 22:2 hesabı ilə yensə də, sonrakı görüşdə türkiyəli Muhammet Yıldıza məğlub olaraq medalsız qalıb.
Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) isə startdaca italiyalı Giada Halvaniyə uduzaraq (0:22) yarışla vidalaşıb.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 63 kq-dakı Sadiq Həmidov ilk mərhələdə (1/4) final özbəkistanlı Zuxriddin Toxirovu məğlub edib. Lakin yarımfinaldakı rəqib - italiyalı Antonino Bossolo idmançımız üçün keçilməz olub. Nəticədə Həmidov bürünc medalla kifayətlənib.
Beləliklə, Mançesterə 13 nəfərlik heyətlə yollanan taekvondo millimiz yarışı 1 bürünc medalla başa vurub. Beş nəfərdən ibarət parataekvondo yığmasının qazancı isə 1 gümüş, 2 bürünc mükafat olub.
Xatırladaq ki, daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib.