Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda taekvondo və parataekvondo üzrə Qran Pri yarışlarının final mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, ilin yekun yarışında Azərbaycan millisi də təmsil olunacaq.
173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev ili qələbə ilə başa vurmaq üçün Ər-Riyada yollanacaq. 68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq. O, yarışda baş məşqçi Reza Mehmandustun rəhbərliyi altında qüvvəsini sınayacaq.
Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında yarışa qatılacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran Prinin final mərhələsində Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.
Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Qran Prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.