"Mən posta cəmi bir il idi ki, təyin olunmuşdum. Yığmaya rəhbərlik etməyə başlayanda komanda yox səviyyəsində idi. Rəhbərlik tərəfindən bildirilmişdi ki, ən azı iki-üç il, Olimpiadaya kimi qalıb işləyəcəyəm".
Bunu Fanat.Az-a açıqlamasında taekvondo üzrə qadınlardan ibarət Azərbaycan yığmasının keçmiş baş məşqçisi Səbuhi Zülfüqarov deyib.
Ötən ay postundan uzaqlaşdırılan 45 yaşlı mütəxəssis rəhbərliyin qərarını belə şərh edib:
"Ötən bir il ərzində komandanın nəticələri göz önündəydi. Dünya və Avropa çempionatlarında nəticəmiz olmasa da, Konyadakı İslam Həmrəyliyi Oyunlarında bir dəst medal qazandıq. Taekvondoda yeganə qızıl məhz qadınlardan gəldi. Digər turnirlərdə də xeyli sayda medallarımız oldu. Amma görünür, rəhbərlik fərqli düşünüb. Sözün açığı, postumdan uzaqlaşdırılmağım çox gözlənilməz oldu. Nə deyə bilərəm, deməli, belə məsləhət imiş".
Qeyd edək ki, Səbuhi Zülfüqarovu baş məşqçi postunda cənubi koreyalı Sun Mi Park əvəzləyib. Əcnəbi mütəxəssis 2014-2017-ci illərdə də Azərbaycan millisini çalışdırıb.
Sahib