Azərbaycanın daha 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, kişilərin 68 kiloqram çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı Lin Kovaçiçlə üz-üzə gəlib. Rəqibinə 10:2 hesabı ilə qalib gələn 21 yaşlı idmançı ardından macarıstanlı Levent Jozsanı 9:2 hesabı ilə məğlub edib. Lakin sonrakı mərhələdə ispaniyalı Xavyer Peresə minimal hesabla (7:8) uduzan Ağayev yarışı medalsız başa vurub.
Kişilərin yarışındakı digər təmsilçimiz Taleh Süleymanov (80 kq) startdaca Fərzad Mansuriyə (RTA) 14:21 hesabı ilə məğlub olub.
Qadın taekvondoçularımızdan Fəridə Əzizova (67 kq) mübarizəyə 1/8 finaldan qoşulub. Bu mərhələdə türkiyəli Mervenur Evcini 6:4 hesabı ilə yenən 27 yaşlı dünya və Avropa mükafatçısı ardından fransalı Maqda Heninlə bacarmayıb - 17:18.
Minayə Əkbərova (46 kq) isə ilk qarşılaşmasında polşalı Mixal Zrihenin müqavimətini qıra bilməyib - 18:30.
Parataekvondo yarışındakı təmsilçimiz Əbülfəz Abuzərli (80 kq) də startdaca yarışla vidalaşıb.
Beləliklə, əvvəlki günlərdə medal hesabını aça bilməyən taekvondo millimiz üçüncü yarış gününü də medalsız başa vurub.
Qeyd edək ki, qitə çempionatına sabah - mayın 22-də yekun vurulacaq. Son gündə daha 3 taekvondoçumuz - Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq), Radik İsayev (87 kq-dan yuxarı) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaq.
***
Azərbaycanın daha 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan Avropa çempionatında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, kişilərin 68 kiloqram çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı Lin Kovaçiçlə üz-üzə gələcək.
80 kq-dakı Taleh Süleymanov eyni mərhələdə Fərzad Mansuri (RTA) ilə görüşəcək.
Qadın taekvondoçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı Mixal Zrihenlə, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli Mervenur Evci ilə qarşılaşacaq.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı Luis Najera olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.
Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Çempionat mayın 22-də başa çatacaq