Bu gün Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu - dördüncü günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxacaq.
Kişilərin 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroom Karlla üz-üzə gələcək.
Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kiloqramdan yuxarı çəkidəki Radik İsayev 1/4 finalda Cem Ünlüsoy (Almaniya) - Erik Farmakas (İsveç) cütünün qalibi ilə görüşəcək.
Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşacaq.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.
Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Digərləri qitə çempionatını medalsız başa vurub.