Tokio 2020 Yay Paralimpiya Oyunları sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, Paralimpiadanın 11-ci yarış günündə Azərbaycanın son 5 idmançısı mübarizə aparacaq.
Yerli idmansevərlərin diqqəti ilk olaraq güllə atıcılğı yarışına yönələcək. Yelena Taranova Oyunlarda üçüncü, Kamran Zeynalov ikinci cəhdini edəcək. Hər iki milli üzvü 50 metrdən hədəfi dəqiq nişan almağa çalışacaq.
34 idmançının iştirakı ilə baş tutacaq təsnifat mərhələsi Bakı vaxtı ilə 04:30-da, ən yaxşı "səkkizliy"in yüksələcəyi final isə 07:15-də start götürəcək.
Digər üç idmançımız isə atletikada qüvvəsini sınayacaq.
Uzunluğa tullanma üzrə təmsilçimiz Orxan Aslanov mübarizəyə birbaşa finaldan qoşulacaq. Səkkiz idmançının qatılacağı yarış 05:02-də başlayacaq.
Sentyabrın 2-də 400 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsini keçən Lamiyə Vəliyeva və Yuliya Yanovskaya isə 05:08-də start götürəcək finalda uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında hazırda 12 qızıl, 1 gümüş və 4 bürünc medal var. Millimiz medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Sahib Əsədbəyli