"Cənab Prezidentin bizi qəbul edəcəyi günü böyük səbirsizlik və həyəcanla gözləyirəm. Ona həm biz idmançılara göstərdiyi əvəzsiz diqqət və qayğıya, həm də doğma yurdum Cəbrayılın və bütün işğalda olan torpaqların azad olunmasına görə şəxsən minnətdarlığımı bildirmək istəyirəm".
Bunu Fanat.Az-a Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran pauerliftinqçi Pərvin Məmmədov deyib.
Paralimpiadanın bürünc mükafatçısı Tokiodan döndükdən sonra həyatındakı dəyişiklikdən danışıb: "Paralimpiya Oyunlarındakı medal illərlə çəkdiyim zəhmətin bəhrəsidir. Bu mükafat özümə inamımı birəbeş artırdı. İnsanlar daha məni əlilliyi olan şəxs kimi yox, çempion kimi görür, tanıyır. Bəzən yaxınlaşıb şəkil çəkdirirlər, xoş sözlər deyirlər, yarış haqqında soruşurlar. Sözlərlə ifadə olunmayacaq dərəcədə xoş hisslərdir. Hələ də hər şey yuxu kimi gəlir".
Çıxış etdiyi 49 kiloqram çəki dərəcəsi üzrə yarış iştirakçılarının reytinqində beşinci sırada qərarlaşan 26 yaşlı idmançı qazandığı medalda seçilmiş taktikanın önəminə toxunub: "Bizim idman növündə hər şeyi güc həll etmir. Ağıllı qərarlar qəbul etmək də vacibdir. Paralimpiadada əvvəllər məndən çox qaldıran, mükafata daha iddialı təsir bağışlayan idmançılar var idi. Amma biz onları həm də taktiki gedişlərlə geridə qoymağı bacardıq".
Əslən işğaldan azad edilən Cəbrayıl rayonundan olan Paralimpiya mükafatçısı Vətən müharibəsindəki qələbənin onu uğura daha da həvəsləndirdiyini bildirib: "Əsgərlərimiz necə ürəklə, sona qədər döyüşmüşdüsə, biz də elə mübarizə aparmalı idik. Şükürlər olsun ki, vətənə alnıaçıq, üzüağ döndük. Qazandığım medalı qəhrəman şəhidlərimizə, qazilərimizə həsr edirəm. Qarşıdakı Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşıb, nəticəmi artıracağam".
Qeyd edək ki, Pərvin Məmmədov Tokio 2020-də 156 kiloqram çəkini ram edərək Azərbaycana pauerliftinq üzrə tarixdə ilk Paralimpiya mükafatı qazandırıb.
Sahib Əsədbəyli