Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib.
Fanat.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.
Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Sumqayıt şəhər prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.
Ölən azyaşlının babası Ələsgər Məlikov Baku TV-yə açıqlamasında deyib ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub: "Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş.”
Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdular.