Türkiyə Super Liqasında XI tura start verilib. Fanat.Az xəbər verir ki, lider "Qalatasaray" açılış oyununda "Gənclərbirliyi"ni qəbul edib.
Son iki turda "Fənərbaxça" ilə "sülh" bağlayan, "Trabzonspor"a uduzan "Cim-Bom" bu dəfə böyük hesablı qələbə qazanıb - 5:1. "Qalatasaray"ın heyətində Bafetimbi Qomis dubl edib (biri penaltidən), Mariano, Maykon və Tolqa Ciğerci bir qol vurub. "Gənclərbirliyi"nin təsəlli qoluna isə Aleksandar Skekiç imza atıb.
Qeyd edək ki, "Qalatasaray" 11 oyundan sonra 26 xalla turnir cədvəlinə başçılıq edir. "Gənclərbirliyi" isə 8 xalla 17-ci pillədə qərarlaşıb.