Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
Azərbaycanın bir çox voleybolçusu qardaş ölkənin klublarında legioner həyatı yaşayırlar.
Onların durumunu dəqiqləşdirmək üçün Volebol Federasiyası ilə əlaqə saxladıq.
Qurumdan Fanat.Az-ın sorğusuna verilən cavab belə oldu:
"Türkiyə klublarında çıxış edən oyunçularla əlaqə saxlanılıb. Mütəmadi olaraq danışıb vəziyyəti soruşuruq. Xüsusilə də zəlzələ zonasında olan voleybolçularımız çox həyəcan keçiriblər, təşvişə düşüblər. Hazırda hər biri klubları tərəfindən nəzarətdədir.
Ölkə çempionat ötən gün Türkiyə Volebol Federasiyası tərəfindən təxirə salınıb. Hətta ölkədə keçiriləcək beynəlxalq yarışların da keçirilməsi ertələnib. Hazırda idmançılar klubdan gələcək tapşırığı gözləyirlər. Adətən klub mövsümü bitdikdən sonra idmançılar Bakıya qayıdırlar. Hələ ki, voleybolçularımız gözləmə mövqeyindədirlər. Klubdan gələn qərardan asılıdır. Bunları bilmək üçün federasiya mütəmadi ilə olaraq idmançılarımızla əlaqə saxlayır".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Röya