Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkənlər üçün Azərbaycanda başladılan yardım kampaniyasına Azərbaycan Voleybol Federasiyasının üzvləri də qoşulub.
Bu barədə Fanat.Az-a qurumun mətbuat xidmətindən məlumat verib.
Saytımıza açıqlamada qeyd olunub: "Federasiya olaraq Türkiyənin Voleybol Federasiyasına başsağlığı vermişik. Qurum prezidentləri danışıb. İdmançılarımızla da hər gün danışırıq. Nə lazımdırsa, dəstək olmağa hazırıq.
Yardıma gəlincə isə, federasiyanın əməkdaşları fərdi şəkildə kömək edirlər. Hər kəs ölkəmizdə aparılan yardım kampaniyalarına dəstəyini əsirgəmir. Dünəndən köməyə qoşulmuşuq. Əlimizdən gələni etməyə çalışırıq. Yaxın günlərdə isə federasiya tərəfindən yardım etməyə çalışacağıq. Ancaq ona kimi istər federasiya rəhbərliyi, istər işçilər, istər idmançılar, hər kəs fərdi şəkildə yardıma qoşulub".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 6234 nəfərə çatıb, 37 011 nəfər isə yaralanıb.
Röya