Oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyinin final və üçüncü yer uğrunda oyunlarının proqramı bəlli olub.
Fanat.Az xəbər verir ki, mayın 24-dən 26-dək U-14 və U-18 komandalarının yarışlarında həlledici matçlar baş tutacaq.
Mayın 25-də 14 yaşadək qız və oğlanların, növbəti gün isə U-18 komandalarının bürünc və qızıl medal uğrunda görüşləri, həmçinin qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Final qarşılaşmaları və mükafatlandırma mərasimləri Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
U-16 komandalarının qarşılaşmaları isə 31 may və 1-2 iyun tarixlərində keçiriləcək. Bu oyunların proqramları ilə bağlı əlavə məlumat veriləcək.
Həlledici görüşlərə qatılacaq komandaların adları hələ dəqiqləşməyib.
Qeyd edək ki, fevralda start götürən birinciliklərdə ümumilikdə 131 komanda (44 oğlan, 87 qız) iştirak edib. Paytaxt Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Tovuz və Goranboy şəhərlərində keçirilən qrup oyunlarından sonra növbəti mərhələyə 64 komanda (24 oğlan, 40 qız) vəsiqə qazanıb.