
Azərbaycanda çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın son günündə final qarşılaşmaları baş tutub.
Avqustun 4-də start götürən çempionatda qadınların mübarizəsində finalda "Azərreyl Salam" və "Azərreyl Salam Sharing", kişilərin yarışında isə FHN-2 və “Djevo” komandaları qızıl medal uğrunda mübarizə aparıblar.
"Azərreyl Salam" 2:0, "FHN-2" komandası isə 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıblar.
Bakı Su İdmanı Sarayında təşkil olunan final qarşılaşmalarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi keçirilib. Qaliblərə kubok, diplom və medalları AVF prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və federasiyanın İdarə heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Çempion olan komandalar bu il keçiriləcək klublararası Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.