İyunun 4-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında II dövrənin ilk oyununa çıxıb. Fransanın Salle Régionale des Sports Maréchal Harnes idman zalında İspaniya yığması ilə qarşılaşan komandamız ilk hissədə 19:25 hesabı ilə məğlub olub.
Voleybolçularımız ikinci setdə 25:22 hesabı ilə qalib gələrək hesabı bərabərləşdiriblər - 1:1. Lakin ardınca təcrübə öz sözünü deyib. Gənclərdən təşkil olunan təmsilçimiz məğlub olub - 1:3 (19:25, 25:22, 21:25, 13:25).
Milli komandamızın mübarizə apardığı A qrupunda günün ikinci matçında ikinci dövrənin ev sahibi Fransa Rumıniyanı sınağa çəkib. Fransızlar qonaqlara heç bir şans verməyiblər - 3:0 (25:17, 25:18, 25:23).
Beləliklə, 4 turdan sonra İspaniya 11 xalla qrup birinciliyini qoruyub. Onlardan 4 xal geri qalan Fransa ikinci olduğu halda, 6 xala malik Rumıniya 3-cüdür. Millimizin hesabında isə hələlik xal yoxdur.
İkinci dövrənin oyunları iyunun 6-da bitəcək. Komandamız bu gün Fransa millisi ilə qarşılacaq.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.
Fanat.Az