Voleybol üzrə qadınlardan ibarət İtaliya yığması Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, Davide Mazzantinin çalışdırdığı kollektiv Serbiyanın paytaxtı Belqradda keçirilən final görüşündə ev sahiblərini 3:1 (24:26, 25:22, 25:19, 25:11) hesabı ilə yenib.
Bu, İtaliya millisinin tarixdə üçüncü qitə "qızıl"ı olub. Apenninlilər son dəfə 2009- cu ildə Avropa çempionatında zəfər sevinci yaşamışdılar.
2017 və 2019-cu illərdə yarışın baş mükafatına sahib çıxan balkanlılar isə ardıcıl üçüncü çempionluq şansını qaçırıblar.
Qeyd edək ki, Serbiyadan başqa, Rumıniya, Xorvatiya və Bolqarıstanın ev sahibliyi etdiyi 32-ci Avropa çempionatında Azərbaycan yığması da iştirak edib. A qrupunda yer alan millimiz Belçika, Bosniya və Hersoqovina, Rusiya, Serbiya və Fransa yığmalarına uduzaraq qrupu sonuncu pillədə başa vurub.
Sahib Əsədbəyli