Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Premyer Liqanın 30-cu turunda qeydə alınan qayda pozuntuları ilə bağlı hüquqi ölçü götürülüb.
“Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadəyə görə, meydan sahibi 1500 manat cərimələnib. Oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” daha 800 manat ödəyəcək.
“Qəbələ” – “Turan Tovuz” oyunu 5400 manatlıq cəriməyə səbəb olub. Bunun hərəyə 700-ü sarı vərəqələrin 4-dən çox olması səbəbindəndir. 4000 manat isə “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlının hakimləri təhqir etməsinə görədir. Klub rəsmisi həmçinin, bu davranışına görə, 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail” – “Kəpəz” oyununun son dəqiqələrində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Adi Mehremiç isə 2-si şərti olmaqla 4 matçlıq uzaqlaşdırılıb, paytaxt klubu 3000 manat cərimələnib.
“Sabah”la “Qarabağ”ın görüşündə isə cərimələr birmənalı olaraq, meydan sahiblərinin ayağına yazılıb. Beş futbolçusu sarı vərəqə aldığına görə 700 manat "tərləyən" "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olmasına görə daha 800 manat ziyana düşüb.