Bu gün UEFA-ya üzv 55 ölkənin milli assosiasiyalarının nümayəndələri, həmçinin Avropa Klublar Assosiasiyası, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası və Avropa liqalarının rəhbər şəxslərinin iştirakı ilə video-konfrans keçiriləcək.
Fövqəladə iclas ərəfəsində müxtəlif suallar var. Fanat.Az olaraq həmin suallara cavab tapmağa çalışacağıq.
Nə baş verir?
UEFA prezidenti Aleksander Çeferin koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə iclas təyin edib.
Hansı məsələlər müzakirə olunacaq?
Təbii ki, UEFA bayrağı altında keçirilən turnirlərin gələcəyi... Xüsusilə də Avro-2020, Çempionlar Liqası və Avropa Liqası əsas müzakirə mövzuları olacaqlar.
İclasa nə ehtiyac var idi?
Demək olar ki, bütün qitədə futbol dayanıb. Həftə sonu Rusiya, Türkiyə, Macarıstan, Serbiya və Ukrayna istisna, heç bir ölkədə çempionat oyunları keçirilməyib. Türkiyədəki matçlar bağlı qapılar arxasında oynanıldı. Bazar ertəsi Macarıstan Futbol Federasiyası çempionatın dayandırıldığını açıqladı. Bu həftə oynanılmalı olan Çempionlar Liqası və Avropa Liqası matçları təxirə salınıb. Turnirlərin qısa müddət ərzində bərpa edilməsi inandırıcı görünmür. 12 iyun - 12 iyul tarixlərində Avro-2020-nin keçirilməli olduğunu nəzərə alsaq, bu, təqvimdə xaosun yaranacağı anlamına gəlir. Video-konfransın məqsədi birlikdə vəziyyətdən çıxış yolunu tapmaqdı.
Avro-2020-nin gələcəyi necə olacaq?
Böyük ehtimalla, Avropa çempionatı təxirə salınacaq.
Nə vaxta kimi?
Turnirin 2020-ci ilin dekabr ayında keçiriləcəyinə dair iddialar var. Amma 2021-ci il ehtimalı daha yüksəkdi. Beləcə, koronavirus təhlükəsi aradan qalxdıqdan sonra daxili çempionatlar başa çatacaq və yeni mövsümün planları pozulmayacaq.
Mövsümün tamamlanması niyə bu qədər önəmlidi?
Demək olar ki, bütün Avropa çempionatlarının televiziya kanalları ilə müqavilələri var. Öhdəliklər yerinə yetirilməsə, ödənişləri teleyayımçılara geri qaytarmaq məcburiyyəti ortaya çıxa bilər. Bu arada, xırda məbləğlərdən söhbət getmir. Xüsusilə də İngiltərə Premyer Liqası böyük müqavilələrə - illik 3 milyard funt sterlinqdən yüksək - sahibdi və bu səbəbdən mövsümün tamamlanması önəmlidi. Mövsümün başa çatması üçün Avro-2020-nin tarixinin dəyişdirilməsi qaçılmaz addım kimi görünür.
Asan həll yolu?
Təəssüf ki, tərəflərin hamısını qane edəcək, asan həll yolu yoxdu. UEFA-nın öz TV müqavilələri və sponsor anlaşmaları var. Odur ki, Avropa çempionatını təxirə salmaq təsirsiz ötüşməyəcək. Bununla yanaşı, 2021-ci ilin yaz-yay aylarında oynanılmalı olan turnirlər var: qadınların Avropa çempionatı, Millətlər Liqası və U-21 Avropa çempionatı. Bu yarışların da keçirilməsini istəyən qurum liqalar və klublar ilə işbirliyi etməkdə maraqlıdı.
Çempionlar Liqasının gələcəyi necə olacaq?
Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan 4 oyun təxirə salınıb. Həmçinin Avropa Liqasının 8 cavab matçı təxirə düşüb. 1/8 finalın ilk oyunları çərçivəsində ötən həftə oynanılmalı olan "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" qarşılaşmalarını da unutmayaq. 1/4 finaldan etibarən ÇL-in İstanbulda, Avropa Liqasının isə Qdanskdə mini-turnir kimi keçirilməsi variantı gündəmdədi. Belə olan halda, mərhələ adlayan tərəflər sadəcə bir matç sonunda müəyyənləşəcək. Bu gün məsələ müzakirə olunacaq.
Bəs daxili çempionatların taleyi?
Daxili çempionatlarla bağlı müzakirələr, qərarların qəbul edilməsi iclasın gündəminə daxil deyil. Liqaların daxildə problemi həll etməsi və qərarları barədə UEFA-nı məlumatlandırması gözlənilir. Məsələn, Premyer Liqa klubları 19 martda bir araya gələcəklər.
Bu video-konfrans problemləri həll edəcəkmi?
Təəssüf ki, yox. İlk növbədə qeyd edək ki, heç kim koronavirus böhranının nə vaxt bitəcəyini təxmin edə bilmir. İkincisi, hökumətlərin qəbul etdiyi qərarlar futbol qurumlarının qərarlarını üstələyir. İtaliya, Fransa, İspaniya və Niderland kimi ölkələrdə "kilid" vəziyyəti yaranıb. Vətəndaşlar yalnız vacib səbəblərdən evlərini tərk edə bilirlər. Bu şəraitdə futbol oynamaq mümkünsüzdü və heç kim situasiyanın nə vaxt düzələcəyini bilmir. Daxili liqaların rəsmiləri mövsümü bitirmək istəyir. UEFA-nın arzusu turnirləri keçirməkdən ibarətdi. Düzdü, iyun ayının əvvəllərində çempionatların bərpası ehtimal daxilindədi. Amma vəziyyət əksinə cərəyan etsə və iyunda təxirəsalınmaz məhdudiyyətləri aradan qaldırmaq mümkün olmasa? O zaman cari mövsümün nəticələrinin ləğvi və avqustdan yeni mövsümün startı gündəmə gələ bilər.
Fanat.Az