"Bild" Çempionlar Liqasının qalan oyunlarının mini-turnir formatında bir ölkədə keçiriləcəyinə və Almaniyanın ev sahibliyinə əsas namizədlərdən biri olduğuna dair xəbər yaymışdı. Bununla yanaşı, müxtəlif nüfuzlu Avropa nəşrləri ÇL və Avropa Liqasının finallarının müvafiq olaraq İstanbul və Qdansk şəhərlərindən alınacağı barədə informasiyaları tirajlayırlar.
Fanat.Az xəbər verir ki, UEFA medianın gündəmini zəbt edən məsələlərlə əlaqədar açıqlama yayıb. Qurum hələlik avrokubokların gələcəyi ilə bağlı qərar qəbul edilmədiyini bildirib:
"Liqalar və klubların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Onlar təqvimlə bağlı qərarları və mövsümü tamamlamağa imkan verəcək potensial variantları nəzərdən keçirirlər. Bir neçə ehtimal var. Amma indiki mərhələdə hansısa qəbul edilmiş qərardan söhbət gedə bilməz".
27 mayda keçirilməli olan UEFA İcraiyyə Komitəsinin iclası 17 iyuna təxirə salınıb. Məhz sözügedən tarixdə avrokuboklarla bağlı yekun qərarın açıqlanacağı gözlənilir.
Fanat.Az