Avqustun 17-də üç Azərbaycan təmsilçisi avrokuboklarda növbəti oyunlarına çıxacaqlar. "Qarabağ" Avropa Liqasının 3-cü təsnifat mərhələsində evdə 2:1 hesabı ilə yendiyi HİK-lə Finlandiyada qarşılaşacaq. Konfrans Liqasının 3-cü təsnifat mərhələsininin birinci matçında "Partizan"ı üstələyən (2:0) "Sabah" Belqradda, "Neftçi Arena"da baş tutan ilk dueldə "Beşiktaş"a uduzan (1:3) "Neftçi" isə İstanbulda imtahan verəcək.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin məşqçisi Arif Əsədovla əlaqə saxlayıb Azərbaycan komandalarının şanslarını dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Futbolda bəzən gözlənilməz nəticələr ola bilir. Lakin "Neftçi"nin evdəki 1:3 hesabı ilə məğlubiyyətindən sonra nəsə demək çox çətindir. Bakı təmsilçisinin bu gün çempionat oyunu var. Məncə, "Neftçi" diqqətini "Beşiktaş"la səfər qarşılaşmasından daha çox "Səbail"lə çempionat oyununa yönəldəcək.
Məncə, "Qarabağ" evdə HİK üzərində qələbə qazanmaqla işin 60 faizini görmüş oldu. Lakin rəqib də "Tofiq Bəhramov"da göstərdiyi oyun ilə sübut etdi ki, heç də asan təslim olmayacaq. Bakıda çox təhlükəli hücumlar quraraq ön xətdə aktivlik nümayiş etdirdilər. Çox güman ki, Helsinki klubu cavab qarşılaşmasında açıq futbol oynayacaq. Buna rəğmən, təmsilçimizin Avropa təcrübəsi mərhələni adlamağa kifayət edəcək.
Klublarımızdan "Sabah" əldə etdiyi nəticə ilə futbol ictimaiyyətində xoş təəssürat oyatdı. Evdə qazanılan 2:0 hesablı qələbə səfər oyunu öncəsi ciddi üstünlük sayılır. Amma Masazır təmsilçisinin ilk oyundakı inamlı qələbəsinə baxmayaraq, Belqrad səfərinin heç də asan keçməyəcəyi bəllidir. "Sabah" ilk dəqiqələrdən gözlənilən təzyiqlərə davam gətirə bilsə, mərhələni keçmək şansı yüksəkdir".
Nahid Məmmədov