Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə Misir Futbol Federasiyasından dəvət gəlib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı FIFA referisinin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunda "Zamalek” və "İttihad” komandaları arasında keçiriləcək yarımfinal oyununa təyinat alıb. Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
Qeyd edək ki, bu təyinatla əlaqədar Azərbaycan Premyer Liqasının III turunun 3 oyununun hakim təyinatlarında dəyişiklik edilib. "Qəbələ” – "Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək. "Neftçi” - "Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev, "Səbail” – "Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.
Fanat.Az