Bu gün start götürəcək AVRO-2020 azərbaycanlı futbolsevərlər üçün ikiqat bayrama çevriləcək.
Çünki İctimai TV-də yayımlanacaq Avropa çempionatının oyunlarını bir dönəm öz şərhləri ilə futbol azarkeşlərinin sevimlisinə çevrilən Elnur Əşrəfoğlu, Asif Bağırov və İlqar Mikayıloğlu şərh edəcəklər.
10 il sonra yenidən futbol şərh edəcək Elnur Əşrəfoğlu hisslərini Fanat.Az-a bölüşüb: "Səhv etmirəmsə, sonuncu dəfə 9-10 il öncə futbol şərh etmişdim. Hisslərim?! 10 il sonra qayıtmaq necə olar? (gülür) Sosial şəbəkələrdə yazırlar ki, nostalji hisslər yaşayacağıq. Ancaq, ümumi götürəndə şərhçiliklə bağlı zövqlər həmişə müxtəlif olub. İnsanların zövqləri eyni ola bilməz. 100 nəfərin 100-ünün də Elnur Əşrəfoğlunu bəyənməsi mümkün deyil. 50 nəfər bəyənərsə, 50-si bəyənməyə bilər. Əlbəttə ki, şərhçi də bununla razılaşmalıdır və bütün tənqidlərdən nəticə çıxarıb işini daha da peşəkarlaşdırmalıdır.
İctimai TV-dən belə dəvət gəldi. Verilən dəyərə, dəvətə görə kanal rəhbərliyinə, şəxsən Balaş müəllimə, İdman Departamentinin başçısı Kənan qardaşımıza, eləcə də mənimlə birgə oyunları şərh edəcək Tural Dadaşova təşəkkürümü bildirirəm. Biz də çalışacağıq ki, bu futbol bayramını İctimai TV-nin efirində daha mükəmməl səviyyədə azarkeşlərə çatdıraq".
Elnur bəy Avropa çempionatında hansı komandaları favorit hesab etdiyini də deyib: "Bir neçə top ölkələr var ki, hər Avropa və dünya çempionatı keçiriləndə favorit hesab olunurlar. Bu gün də elə Fransa, Almaniya, Portuqaliya, İtaliya, İspaniya, Belçika favorit sayılır. Bunlardan üçü - Portuqaliya, Fransa, Almaniya bir qrupa düşüb. Üçünün də pley-offa vəsiqə qazana bilməsi çətin məsələdir. Bildiyiniz kimi, burada ən yaxşı nəticə göstərən 4 üçüncü yeri tutan komanda pley-offa vəsiqə qazanır. Ona görə üçünün də şansı ola bilər. Ancaq bir qədər çətin görünür. Nüfuzlu yarışlarda nəticəyə təsir edən baş məşqçinin taktikası və komandada olan illərin təcrübəsi amilini əsas götürərək İtaliya və Almaniyanın finala yüksəlməyə daha çox şansı olduğunu düşünürəm".
Röya Kərimli