Bir müddətdir idman mətbuatından uzaqlaşan "İctimai TV"nın əməkdaşı Ürfan Məmmədli yenidən şərhçiliyə geri dönüb.
O, çalışdığı telekanalda yayımlanan AVRO-2020-nin şərhçiləri sırasında yer alıb.
Ürfan Məmmədli şərhçiliyə qayıtma səbəbini və belə bir mötəbər turnirin parçası olmağın necə hiss olduğunu Fanat.Az-la bölüşüb:
"10 aydır idman jurnalistikasından kənarlaşmışam. Yalnız azarkeşi olduğum klubların və milli komandamızın oyunları izləyirdim. AVRO-2020-nin bir parçası olduğum "İctimai TV"də yayımlanması qayıdış üçün ciddi əsas oldu. Oradakı həmkarlarıma yardım etmək təklifi gəldi və mən də bunu qəbul etdim. "İctimai TV" Avropa çempionatına ciddi hazırlaşıb. Xüsusi verilişlərimiz, xaricdən canlı bağlantılar, xüsusi qonaqlar olacaq. Şərhə dəvət almağım isə məsələyə fərqli həyəcan qatıb (gülür)... İdmandan bir müddət uzaqlaşıb geri dönəndə ilk günlər çətin olur. Prosesləri izləmədiyim üçün boşluqlar var idi. Lakin artıq formamı bərpa etdiyimi düşünürəm.
Bakıdakı oyunları səbirsizliklə gözləyirəm. Bu turnir mənim üçün fərqli olacaq. Yeniyetmə yaşlarımda şərhlərini dinlədiyim insanlarla çiyin-çiyinə çalışacağam. Elnur Əşrəfoğlu, İlqar Mikayıloğlu, Asif Bağırov - hər birinin öz tərzi və böyük şərhçilik təcrübələri var. Onlardan öyrənəcəklərim olacaq. Adını çəkdiklərimlə yanaşı, "İctimai TV"nin şərhçisi Tural Dadaşovu da qeyd etməliyəm. Onunla birgə çalışmaq da başqa bir təcrübə olacaq. İnanıram ki, işin öhdəsindən layiqincə gələcəyik. Futbolsevərlər üçün bu yayın maraqlı keçəcəyinə əminəm".
Röya Kərimli