Futbolsevərlərin həyəcanla gözlədiyi Avropa çempionatına start verildi. Millimizin belə turnirlərdə iştirakının mümkünsüz olduğunu görüb ümidini kəsən futbol azarkeşləri sevgilərini fərqli ölkələrin seçmə komandalarına yönəldiblər. Qarşıdakı bir ay boyunca onların qəlbi fərqli komandalar üçün döyünəcək.
Fanat.Az ölkə ictimaiyyəti arasında futbol sevgisi ilə tanınan şəxslər arasında sorğu keçirib. Onlar AVRO-2020-də hansı komandaya azarkeşlik etdiklərini saytımıza açıqladılar.
Aysel Nazim (Aktrisa, aparıcı): "Favorit komandam əlbəttə ki, Türkiyədir. Bu komandanın oyunlarını böyük həyəcanla gözləyirəm".
Pərviz Sadıqov (Jurnalist, "Belə belə işlər”in redaktoru): "Türkiyəyə azarkeşlik edirəm. Niderlandın, İngiltərənin və Portuqaliyanın oyun üslubunu uşaqlıqdan bəyəndiyim üçün onları da maraqla izləyəcəyəm. Türkiyənin qalib olmasını istəyirəm, Bakıdakı oyunlarda azarkeş dəstəyi onlar üçün əlavə stimul olacaq. Fransanın, Belçikanın, İtaliyanın şansları hələ ki, yüksək qiymətləndirilir. Amma futbol hər zaman sürprizlərlə doludur. Bu il də maraqlı futbol günləri gözləyir bizi... Düşünürəm ki, Avropanın da, eləcə bizim də gərgin bir ildən sonra futbol bayramına ehtiyacı var”.
Razi Nurullayev (Millət vəkili): "Mən Türkiyə komandasına azarkeşlik edirəm. İstərdim ki, Türkiyə millisi qolları ilə, qələbələri ilə bizi sevindirsin. Ancaq onlarda irəliləmək alınmasa, İtaliya millisinə azarkeşlk edəcəm. Çünki İtaliyanın futbol stilindən çox xoşum gəlir. Onların çıxışından zövq alacam. İnşallah, Türkiyə millisi AVRO-2020-də uğurlu çıxış edər, biz də Bakının da ev sahiblərindən olduğu bu turnirdən zövq alarıq. Avropa çempionatının bəzi oyunlarının Azərbaycanda keçirilməsi bizim sənayemiz üçün də xeyirlidir. Azərbaycanı tanıtmaq baxımından əla fürsət olacaq".
Emin Piri (Şair): "Təbii ki, millilik və doğmalıq baxımdan hər zaman Türkiyəyə azarkeşlik edəcəm ki, bunu da Azərbaycanda əksər insanlar edir.
Amma sırf milliliyi aid etməsək uşaqlıqdan İtaliya və italyan klublarına azarkeşlik etmişəm. Türkiyə qalib olmasa, İtaliyanın qalib olmasını istəyərəm. Maraqlıdır ki, hər iki yığma eyni qrupda yer alır və açılış oyununda Türkiyə və İtaliya milliləri qarşılaşdı. Favorit kimi Portuqaliya, İtaliya, Fransa kimi yığmaları görürəm".
Səyyar Rüstəm (Aktyor, dublyor): "Əlbəttə ki, AVRO-2020-ni izləyəcəyəm. Türkiyə millisinə azarkeşlik edəcəm. Turnirin favoriti isə Almanya və Fransanı hesab edirəm".
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Röya Kərimli