İctimai TV-də yayımlanan AVRO-2020 oyunlarının şərhçiləri arasında "CBC Sport" telekanalının əməkdaşları yer almayıb.
İctimai TV-dən "CBC Sport"a təklif olub-olmadığını araşdırmaq üçün idman kanalının rəhbərliyi ilə əlaqə saxladıq.
"CBC Sport"un proqram direktoru Rüstəm Əfsərli Fanat.Az-a açıqlamasında bildirdi ki, danışıqlar olub, amma şərtlərdə razılığa gələ bilməyiblər.
Əfsərli ilə söhbətimizdə AVRO-2020-nin şərhçiləri arasında yer alan tanınmış şərhçi Asif Bağırovun telekanalla bağlı dediklərinə də toxunduq.
Bağırov bir neçə gün öncə Fanat.Az-a açıqlamasında "CBC Sport"dan dəvət almamaq səbəbini belə izah etmişdi: "Bu kanalın rəhbəri türkdür - Volkan Üst. O, məni tanımaya bilər. Amma məni ona tanıdacaq adamlar olmalıdır. Əgər o adamlar bunu etmirsə, özümü tərifləmək kimi çıxmasın, ya həmin şəxslər kanalın reytinqinin qalxmasını istəmir, ya da özləri ilə bağlıdır. Bəlkə öz vəzifələrindən qorxurlar. Bu barədə söhbətim də olub. Təklif etmişəm, deyiblər rəhbərliklə görüşdürərəm sizi. Mən 4 ildir o görüşü gözləyirəm və hələ də baş tutmayıb".
"CBC Sport" rəsmisi Asif Bağırovun bu ittihamlarına belə cavab verdi: "Təhqirə və ya böhtana keçməyənə qədər hər kəs istədiyini düşünməkdə və söyləməkdə azaddır. Mənim kiminsə mövqeyinə şərh verməyim doğru olmazdı. Sadəcə, onu deyim ki, hər bir kanalın kadr siyasəti və hər hansı vəzifə üçün seçdiyi namizədlərdə görmək istədiyi kriteriyalar var. Buna uyğun gələnlər dəvət alır, gəlməyənlər yox. İstənilən seçimə və mövqeyə də hörmətlə yanaşır, bunu mübahisəyə açıq olmayan mövzu kimi qəbul edirik".
Qeyd edək ki, İctimai TV-də yayımlanan AVRO-2020-nin oyunlarını kanalın əməkdaşları Tural Dadaşov, Ürfan Məmmədli, Asif Bağırov, Elnur Əşrəfoğlu və İlqar Mikayıloğlu şərh edir.
Röya Kərimli