Fanat.Az xanım futbol azarkeşləri arasında sorğu keçirib. Onlar AVRO-2020-də azarkeşlik etdiklərini komandaların adlarını saytımıza açıqlayıblar.
Sevinc Məmmədova: "Mənim ilk izlədiyim Avropa çempionatı AVRO-2004 olub. Elə o vaxtdan bütün beynəlxalq yarışlarda İngiltərə millisini dəstəkləyirəm. Bunun da əsas səbəbi "Liverpul" azarkeşi olmağımdır. "Liverpul"un kapitanı Stiven Cerrard, müdafiəçi Ceymi Karraqerə görə o vaxtdan İngiltərə millisini dəstəkləyirəm. Ancaq güclü heyətləri olmasına baxmayaraq, illərdir 1/4 final mərhələsindən o yana keçə bilmirlər. İnanıram ki, bu il tilsimi qırmağı bacaracaqlar".
Sevinc Novruzova: "Kollektiv idman oyunları arasında həqiqətən ilk pillədə qərarlaşan bu oyunun cazibəsi bu gün milyonlarla insanı yaşıl meydanlara və televiziya ekranları qarşısına toplayır. Bu cəhətdən Azərbaycan da istisna deyil. Ölkəmiz çılğın azarkeşləri, insanlarının futbola böyük marağı ilə həmişə seçilib. Futbol turnirləri bizim üçün bayramdır və bir futbol azarkeşi olaraq. Cari Avropa çempionatını böyük maraqla izləyirəm. Artıq demək olar ki, qrup mərhələsinin ilk dövrəsi başa çatmaq üzrədi.
İtaliya millisinin Türkiyə seçməsi üzərində qələbəsi gözlənilən idi. Qardaş ölkənin futbolçuları qorxaq oyunla turnirin əsas favoritlərindən birinə məğlub oldu. Halbuki, İtaliya millisinə qarşı layiqli mübarizə apara bilərdilər. Ümid edirəm Türkiyə millisi qarşıdakı oyunlarda layiqli nəticələr qazanıb qrupdan çıxmağı bacaracaq.
Belçikanın Rusiya millisini aşkar üstünlüklə məğlub etməsi, İngiltərə millisinin DÇ-2018-in vitse-çempionu Xorvatiya üzərində qələbəsi, bu millilərin də favoritlər arasında olmasını bir daha sübut etdi. Son Avropa çempionları Portuqaliya, son iki dünya çempionu Fransa və Almaniya milliləri də bu gün turnirdə ilk oyunlarını keçirəcəklər. Bizi hələ çox maraqlı oyunlar gözləyir .
Sözsüz ki, mənim də bu turnirdə favorit komandam var. Bu, Niderland millisidir. Ukrayna ilə keçən gərgin oyunda Niderland həqiqətən çox baxımlı oyun göstərdi. Ən sevdiyim futbolçulardan biri olan Niderland yığmasının kapitanı Virgil van Dijkin meydanda olmaması və Ukrayna millisinin güclü müqavimətinə baxmayaraq, hollandlar 3 xalı əldə etdilər. Mənə görə Niderland - Ukrayna qarşılaşması cari mövsümdə hələ ki, baş tutan oyunlar arasında ən maraqlı görüş idi. Ümid edirəm, qarşıdakı oyunlar daha maraqlı olacaq və layiq olan milli Avropa çempionu adını qazanacaq".
Aynur Səfərova: "Azarkeşlik etdiyim komanda İspaniyadır. Daha sonra Türkiyə, Uels millisidir. Turnirin favoriti isə mənə görə İspaniya yığmasıdır".
Röya Kərimli